Oğuz Qəbiristanlığında
Yunis İmrə’nin & Hacı Tapdıq Baba’nın Məzarı
Bismillahir-Rəhmanir-Rəhim
I hissə
Sədnik Paşa
Pirsultanlı yaradıcılığında Yunis İmrə məqamı
Sədnik Paşa
Pirsultanlı bir elm adamı, Türk dünyasını,
Turan ellərini başdan-başa dolaşmış, öz soy-kökünə bağlı bir Türk oğlu kimi, Yunis İmrəyə olan sevgisini ürəyində
daşıyırdı. Bu sevgini harda bir sarıçiçək görsə nəmlənən gözləri anladırdı.
Ardınca da “Yunis İmrənin sarıçiçəyi...” deyərdi. 2013-cü ildə Gəncədə nəşr
olunmuş “Pirsultan Soyları, Pirsultan Köyləri” adlı kitabın 96, 97, 98, 99-cu səhifələrində
folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa
Pirsultanlı “Sarıçiçək” əhvalatını qələmə
almış, sarı ləçəkləri şehə bələyən nisgilini anlatmışdır: (1)
...Hacı
Vəli Bektaş'inin zamanında aclıq və yoxsulluq
hökm sürsə də, İslam dininə inam çox güclü idi. Gənc Yunis İmrə Hacı Vəli
Bektaş'inin yanına gəlir. Hacı Vəli Bektaş-i[1] deyir:
-Sənə
din verim, yoxsa dən?
Yunis
İmrə cavab verir:
-Mənə
dən ver.
Lakin
bayıra çıxanda daxilən peşman olur və öz-özünə deyir:
-Mən
dəni bir-iki günə yeyib qurtaracağam, çox səhv etdim. Gərək mən Qumkarımdan dən
yox, din-inanc istəyəydim.
O,
Hacı Vəli Bektaş'inin yanına qayıdıb peşmançılığını
bildirir. Hacı Vəli Bektaşi deyir:
-Artıq
mən səni qəlbimdən çıxardım. Bozdağın o üzündə Tapdıq İmrə yaşayır, get onun
yanına.
Yunis
Tapdıq İmrənin yanına gedir və çox keçmir ki, təhsilini başa vurur. Yunis İmrə
təhsil aldığı yoldaşları ilə birgə Tapdıq İmrə'nin tapşırığı ilə Qaraman
dağlarından çiçək toplamağa gedir. Tapdıq İmrə'dən
dərs alan tələbələrin hər biri bir qucaq çiçək
dərib gətirirlər. Yunis İmrə isə tək bircə sarı çiçəyi kökündən üzüb gətirir.
Tapdıq İmrə Yunis'dən soruşur:
-Övladım,
sənin mənə məhəbbətin o qədər azdır ki, bir çiçək dərib gətirmisən?
Yunis
İmrə cavab verir:
-Bütün
çiçəklər namaz üstdə idi. Təkcə bu sarıçiçək namazdan
qalmışdı. Çiçək qaibanə səslə: “Yunis, mən namazdan qalmışam, məni qopar”-
dedi.
Tapdıq
İmrə dedi:
-Mənim
axtardığım həmin sarıçiçək idi. Məndən nə istəyirsən?
O,
başını sinəsinə əydi. Yoldaşları yerbəyerdən dilləndilər:
-O,
sənin qızın Güldəstəni istəyir.
Yunis
İmrə ilk şeir kitabının üstünə “Güldəstə” yazmışdı.
“İmrə”
sözünün açımı da maraqlıdır. Həccə, Məşhədə, Kərbəlaya ziyarətə getmədən müqəddəslik
mərtəbəsinə çatan adamlara İmrə deyilir.
Deməli,
Tapdıq İmrə'nin, Yunis İmrə'nin yaşadığı zamanda nəinki insanlar, Türkiyə
torpağı da, onn üstündə bitən çiçəklər də
namaz qılırmış[2].
Daha sonra professor
Sədnik Paşa Pirsultanlı Qırşəhrində, Boz təpənin üstündə olan Yunis İmrə'nin məzarını ziyarət etdiyi zaman bu əhvalatı
danışdığını yazır:
...Bu
söhbət Yunis İmrə'nin qəbri ətrafına toplaşan,
qurban kəsən insanları heyrətləndirdi. Mən
özüm də bulud kimi doldum, duyğulandım, elə oradaca “Sarıçiçək” adlı şeirimi
yazdım:
Mən
Qaraman dağlarını dolaşdım,
Bilməm,
hansı çəmənzara getmisən?
Ay
Yunis İmrə'nin sarı çiçəyi,
Necə
olub ürəyimdə bitmisən?
Gözəlliyin
valeh edir insanı,
İlqara
düz, sənin kimi dost hanı?
Ay
Yunis İmrə'nin dini, imanı,
Elə
bilmə xəyalımdan getmisən.
Qırşəhrində,
Boz təpənin başında,
Sarıçiçək
gördüm məzar daşında.
Sədnik
kimi baş əyən çox qarşında,
Yunis
İmrə'm, xoş vüsala yetmisən.
Sədnik Paşa
Pirsultanlı'nın təkcə bu şeiri bəs edir ki,
onun Yunis İmrə şeirinə, poeziyasına, ruh incəliyinə bələdliyini istər bu günkü
oxucularına, istərsə də gələcək Türk nəsillərinə
anlatsın.
II hissə
Azərbaycan'ın Qax rayonu Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahı
Azərbaycan elə bir
ölkədir ki, Gündoğan öz sevgi ərməğanını Günbatana günəş dolanıb qürub edərkən
məhz bu ölkənin ərazisindən göndərir. Bu ərməğanın sevgi ətri də ölkəmizin hər
qarışına səpələnərək, Azərbaycan'ı Odlar yurduna, Şərqin gözəlinə çevirib. Və Şərqin
gözəli nağılvari gözəlliyinin bir nəsnəsini də şeiriyyətdən alır.
Bu gün sevgiylə andığımız Yunis İmrə'nin şeirləri Azərbaycan'da
da dillər əzbəridir. Yaşlı nənələr, babalar mövsüm-mərasim adətlərində Yunis'dən bir-iki söz söyləmədən keçməzlər.
Ancaq ən maraqlısı
Azərbaycan'ın Qax rayonu Oncallı kəndində olan
“Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahı”dır. Meşəlik bir ərazini əhatə edən ziyarətgahın
yarandığı tarix dəqiq məlum olmasa da, yerli əhalinin söylədiyinə görə qəbirlər
XIII, məzarlığın ziyarətgah kimi formalaşması XIV əsrdə aiddir.
Azərbaycanda ilk dəfə
məzarları Məşədixanım Nemət tədqiq
etmiş, bu haqda “Azərbaycanda pirlər” adlı kitabında da yazmışdır. Məzarlığın
Oğuz qəbiristanlığı adlandırılmasını da ilk olaraq onun kitabında oxuyuruq. (2)
“Hacı
Tapdıq piri və Şeyx Yunis ziyarətgahı Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığındadır.[3]”
M.Nemətin bu məlumatından sonra xanəgahı ziyarət
etməkdə borclu olduğmuzu sandıq. Qax rayonunda
ziyarətgah barədə Qax rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi
müəllifi olduğu “Həqq Didarın görən şair-Yunus İmrə haqda...” adlı məqaləsində
Oncallı kəndinin adının əncə/incə tayfasının adı ilə bağlı olduğunu göstərir.
(3) Və bu tayfanın qıpçaq tayfası olduğunu vurğulayır. Əslində, bu variantın
mümkünlüyü yerli əhalinin yaşam tərzinə,
məişətinə əsaslanan rəvayətləri gözə almadan təsdiq edilə bilər. Lakin, tarixdən
də məlumdur ki, qıpçaqlar əvvəllər Altayda yaşamışlar. (4) Onların Azərbaycan ərazisinə
gəlişi isə mübahisəli olaraq qalır. Çünki, ayrı-ayrı müəlliflər fərqli tarixlər
qeyd edirlər. Mahir Əfəndi öz məqaləsində tədqiqatçıların bir fikrinə əsaslanır
ki, bu da Qax ərazisində məskunlaşan qıpçaqların şamançılıqla məşğul
olması, onlar arasında İslam dininin təbliğində
sufi-dərvişlərin, xüsusilə, şair-ozanların rolunun danılmazlığıdır. Yunis İmrə
də burada şair-ozan kimi islamı yaymışdır.
Nadir Ziyadlı da
“Yunis Əmrə'nin XI qəbri və yaxud dumanlıq və
toranlıqlardan boylanan işıq...” məqaləsində Oğuz qəbristanlığının yerləşdiyi
bölgə haqqında yazır: (5)
...Bölgə haqqında ilk məlumatlar antik dövrün “tarixin atası” sayılan
Herodotun yazdığı “Tarix” kitabından gəlir. Belə ki, bu mənbədə bölgə “behişt
vadisi” adlandırılır[4].
Həmçinin, Qax
rayonunun Oğuz Türklərinin qədim yaşayış məskənlərindən
olduğunu vurğulayır. Elə bu yerdəcə yenidən dumanlı bir məqam qarşımıza çıxır.
Murad Adcı Altaydan gələn axından söz açdıqda onun dediklərindən belə çıxır ki,
Türklər eramızın I əsrinə qədər bir tayfa kimi
Altayda yuva salmış, onların ilkin beşiyi Altay olmuşdur. Və Yer üzünə buradan
yayılmışlar. Ədəbiyyatşünas, dilçi, professor, 200-ə qədər elmi və
elmi-publisistik məqalənin müəllifi Qəzənfər Kazımov isə yazır: (6)
...Türk etnoslarının Azərbaycan ərazisində-şumerlərin qonşuluğunda
yaşaması zəngin toponim və antroponimlər əsasında bir fakt kimi təsdiq olunur.[5]
Hətta, Azərbaycan ərazisinə
Türk tayfalarının axınının Hunlardan daha öncəyə gedib çıxmasını, e.ə. VIII-VII
əsrlərdə Şərqdən qərbə ilk böyük Türk axınının
kimmer-skit-sak tayfalarının axını olduğunu qeyd edir.
Demək ki,
qıpçaqların erkən orta əsrlərə aid edilən böyük köçündən çox əvvəl Azərbaycan əraizisində
türk tayfaları yaşamışlar. Bu səbəbdən də, Oncallı kəndinin toponiminin qıpçaqların
əncə/incə tayfasının adından qaynaqlandığını ilkin variant hesab edirəm. İkinci
variantı isə xalqın yaşayışını, məişət adət-ənənələrini əsas götürməklə onların
öz dilindən eşitdiyim rəvayətə söykəyirəm.
Hacı Tapdıq və Şeyx
Yunis İmrə ziyarətgahının imamı, el arasında Nəzir əfəndi kimi hörmət qazanan Məmmədov
Nəzir Xurşud oğlu bu haqda belə deyir:
-Bu ərazidə yaşayanlar bizim əcdadlarımız, Oğuz
Türkləri olub. Qıpçaqlar sonradan gəlib, qaynayıb-qarışmışlar. Bu kəndin
camaatı bir az qoçaq, işə-gücə ərinməyən, qorxmaz camaat olub. İşə də ürəklə
yanaşıblar. O vaxt, hələ at arabası olmayan vaxtlarda, burda əl arabaları düzəldiblər.
Asan olsun deyə çiyində yük daşıdıqları arabanı sonradan yekəldərək on nəfərin
birgə işləməsinə şərait yaradıblar. Yəni, əvvəlcə arabalar iki, dörd callı idisə, bunlar on callı araba hazırlayıblar.
Cal-arabanın altında uzanan, əl tutmaq üçün nazik ağacdan düzəldilən
çıxıntılardır. Bu araba ilə asanca çox yük daşındığını görən qonşu kəndlər də
on callı araba düzəltdirmək üçün bu kəndə gəliblər. Beləcə, yük arabasına görə
kəndə gediş-gəliş artıb, kənd də Oncallı adlanıb.
Demək ki,
qıpçaqların erkən orta əsrlərdə Orta Asiya'dan
köçündən daha əvvəl, yaşı bilinməyən bir zamanda bu kənd-Oncallı mövcud imiş.
İndi məhz bu Oncallı
kəndi, qədim Oğuz yurdu “Hacı Tapdıq və Şeyx Yunis Əmrə” ziyarətgahı ilə bütün Türk dünyasından gələn ziyarətçilərini qəbul edir.
Ziyarətgahda
addımını içəri qoyan kimi qırağı bir metr hündürlükdə çay daşlarından hörülmüş
divarla əhatələnmiş Hacı Tapdıq babanın məzarı ilə üzbəüz dayanırsan. Yalnız
yaxınlaşıb kiçik divardan baxdıqda çox da hündür olmayan baş daşını və onun
arxasındakı kitabəni görmək olur.
Hacı Tapdıq babanın
qəbri üstündəki kitabəni M. Nemət belə oxumuşdur:
“Rəhimli və mərhəmətli Allahın adıyla. Hər iki
dünyanın rəbbinə həmd olsun. Onun yaratdığı Məhəmmədə və onun nəslinin hamısına
salam və salavat. Bu evi (qəbr evini-M.N.) Şeyx Mirzə ibn Çələbi və Şeyx Salman
ibn Saleh 1207-ci ildə bina etdirmişdir”[6].
Hacı Tapdıq babanın məzarı üzərindəki kitabə
Ehtimallar var ki,
adı çəkilənlər Hacı Tapdığın ya müridlərindən, ya da elə onun öz nəslindən
olmuşdur. Bu fikri ona görə cəsarətlə deyirəm ki, Nəzir əfəndi bir vaxtlar məzarlıqda
Hacı Tapdığın atası Hacı Məhəmmədin də kitabəsinin olduğunu deyir. Lakin, sonralar
6 hektarlıq bir ərazidə qayadan yonulmuş nazik baş daşını tapmaq mümkün
olmayıb. Məzarlığın bir hissəsini gəzərkən yəqinimiz bu oldu ki, əsrlərə sinə gərib
dayanan nazik və kövrək sinə daşlarının qırılması, hətta, parçalanıb torpağa
qarışması labüddür.
Hacı Tapdıq babanın
baş daşı və kitabəsi olduğu kimi yerində durur. Lakin, Yunis İmrənin ondan bir
az solda yerləşən qəbrinin kitabəsi də sonradan itmişdir. M. Nemət 1991-ci ildə,
Yunis İmrə'nin
750 illik yubileyi ilə əlaqədar Türkiyə mədəniyyət işçilərinin bir qrupunun
Oğuz qəbristanlığında olmasını, lakin bu
kitabəni tapa bilmədiklərini yazır. Ancaq, nə yaxşı ki, bundan daha öncə M.Nemət
o kitabənin üzünü oxumuş, tərcümə etmiş, öz arxivində saxlamışdır. Bu gün Yunis
İmrə'nin məzarı üstündəki kitabə məhz M.Nemətin
arxivindəki surətə uyğun bərpa edilmişdir. Hazırda ziyarətçilərin marağına səbəb
olan kitabənin tərcüməsini də tədqiqatçı xanım öz kitabında qeyd edir:
“Biz torpaqdan günahsız yaranmışdıq, torpağa
isə günahkar qayıdırıq. Bu qəbri, mərhum Şeyx Yunis'in xatirəsini əziz tutmaq üçün, Mirzə ibn Çələbi məşhur Soltan
ibn Saleh ibn Məhəmməd ibn Məhəmməd Zaman (ibn) İmam Əli-Allah onları
bağışlasın-821 il tarixdə bina etdi”.[7]
Yunis İmrənin məzarı üzərindəki kitabə
Və Yunis İmrənin qəbri də öz ustadı kimi zamanla
ziyarət edilir. Ancaq, həmişə ustadından sonra... Türk mənbələrindən oxuduğum qədəriylə
Yunis İmrə və onun həyatı, yaradıcılığına tədqiqatçılar daha çox diqqət edirlər,
nəinki onun ustadı Tapdıq İmrə'yə. Oncallıda, ətraf kəndlərdə, eləcə də, Azərbaycan'ın hər yerində bu ziyarətgahdan danışarkən Yunis'dən öncə sayğı və sevgiylə Hacı Tapdıq yad edilir.
Ona sonsuz ehtiramın göstəricisi kimi “baba” deyilir. “Baba” sözü Azərbaycan'da, həm də, bir növ aqillik, nuranilik, müdriklik
göstəricisidir. Yerli əhalinin inancına görə, Tapdıq baba məhz burda, indi məzarlıq
yerləşən 6 hektarlıq ərazidə dünyaya göz açıb. Atası Hacı Məhəmməd dövrünə
uyğun ilahiyyat elminə bələd, müqəddəs məkanları ziyarət etmiş bir şəxs olub.
Oğlu Tapdığın da təhsilinə diqqət ayırıb. Elə bu səbəbdən də, o, Tapdığı öncə
müqəddəs yerləri ziyarət etməyə, sonra da Türkiyə'yə,
öz elmini dərinləşdirməyə göndərir. Məhz bu səfəri zamanı Tapdıq Hacı Vəli Bektaş-i ilə tanış olur. Eyni zamanda, öz dərin biliyi,
müdrikliyi ilə könüllərdə yuva qurur. Təhsilini tamamladığını yəqin edəndə öz vətəninə-Azərbaycan'a dönür. Yunis İmrə'nin
Hacı Tapdıqla tanışlığı isə bundan sonra baş verir. Hamımıza məlum olan rəvayətdən
də anlaşılır ki, Hacı Vəli Bektaşi Hacı Tapdığı yüksək qiymətləndirirmiş. Elə
buna görə də Yunis'i onun yanına göndərir.
Nəzir əfəndi öz söhbətində
Yunis'in tək yox, altı imamla birgə gəldiyini
deyir. Ancaq, nə yazıq ki, yaddaşlarda onlardan yalnız üçünün adı qalıb:
1. Şeyx Çələbi (Güman ki, kitabələrdə adı çəkilən Çələbilər
onun nəslindəndir)
2. Şeyx Salman (Yunis İmrənin kitabəsindəki Salman ibn
Saleh onun nəslindən ola bilər)
3. Qıpçaq Məlik (bunun da, əslində, yaxında yaşayan
qıpçaqlardan olması mümkündür)
Hacı Tapdıq bu gün yazılı mənbələrin əksərində
haqqında səthi məlmat verilən bir şəxs olsa da, əslində,Yunis İmrə kimi bir
şairin, şəxsiyyətin, və ya, “vəhdəti-vücud”a tapınan bir ilahiyyatçı alimin
(Yunisin düşüncələri və fəlsəfəsinə əsasən belə deyə bilərik) yetişməsində onun
rolu daha çoxdur və təqdirəlayiqdir.
Yunis'in Oncallıya
gəlişi haqda da məlumat xalq yaddaşında silinməzliyə qovuşub. Nəzir əfəndinin
dediyinə görə, Yunis Hacı Tapdığ'ı çox
axtarmış, nəhayət, gəlib tapmış, 40 il onun qapısına odun daşımışdır. Təbii ki,
bu 40 il öz ustadından bəhrələnərək
kamilləşməyə doğru getmişdir. Yunisin Oncallıdakı yaşamına aid bir çox rəvayətlər vardır.
...İlin qış fəsli
imiş. Hacı Tapdıq Kəbəyə səfər edir. Bir neçə mübarək övliya ilə oturub
mövludnamələrini oxuyurlar. Ramazan ayı olduğu üçün iftara əyləşirlər.
Övliyalardan biri deyir:
-Tutlu, südlü
aş olsa yeyərdim.
Bu dəm
Oncallıda Yunis İmrəyə hər şey əyan olur. O, Hacı Tapdığın xanımına yaxınlaşıb:
-Tutlu aş
bişir, süd də qat, mürşidim istəyir-deyir.
Xanım aşı
bişirməyə hazırlaşır. Qeybdən tut da, süd də Allah-Taalanın əmriylə hasil
olunur. Şər qarışan vaxtı xanım aşı məcməyiyə
çəkir, süfrəyə büküb Yunis'ə uzadanda təlaşlanır:
-Oğul, gecə
vaxtı necə gedəcəksən?
Yunis İmrə
cavab vermək yerinə qapıya yaxınlaşır. Bu dəm qapı açılır və xanım heç vaxt
görmədiyi bir cüt başmağın astanada durduğunu
görür. Yunis başmaqları geyib yox olur. Kəbədə övliyalar iftarı açıb
“Qur'an” oxuyurmuşlar. Birdən qapı döyülür.
Hacı Tapdıq deyir:
-Qapının iki
tayını da açın. Yunis aşı gətirdi.
Övliyalar əvvəlcə
inanmasalar da, Yunis'i əlində məcməyi görəndə
susurlar. Yunis süfrəni açıb qapıdan çıxır. Az sonra Oncallıya dönür...
Başqa bir rəvayətdə isə Yunis'in
Kəbə səfərindən söz açılır:
...Hacı Tapdıq
Yunis'ə Kəbəyə getməyi məsləhət görür. Yunis də
təhsil almaq üçün Kəbəyə gedənlərə qoşulur. Bir müddət sonra gedənlərdən biri kəndə
qayıdır. Yunis balaca bir mücrünü ona verir ki, ustadına çatdırsın. Gələn adam
mücrünü Hacı Tapdığa verir. Tapdıq baba tez bütün kəndə xəbər salır, hamını həyətinə
yığır və deyir:
-Yunis mənə hədiyyə
göndərib. Onu sizin yanınızda açmaq istədim.
Tapdıq baba
mücrünü açanda hamı heyrətdən içini çəkir. Mücrüdən bir çəngə pambıq və üstündə
də bir tikə qıpqırmızı od çıxır. Hacı Tapdıq baba pambığı üstündəki odla birgə
ovcuna alır. Üzünü göyə tutub deyir:
-Allahım, mən
bu hikmətin açılmayacağına and içirəm.
Həmin an pambıq
od tutub yanır. Tapdıq babanın əli isə yanmır, sadəcə qaralır. Pambığın Kəbədən
Oncallıya gələn yolda yanmamasının hikməti isə açılmamış qalır.
Hacı Tapdıq baba
və Şeyx Yunis İmrə'nin arasındakı bu
hikmət onların missiyasına, həyat ideologiyasına çevrilir. Yunis'in ən böyük eşqi Allah eşqidir, bu
danılmazdır. Lakin, söylənilən rəvayətlərdə onun ustadının qızı Güldəstəyə olan
hissləri də eşq adıyla yer alır.
Professor Sədnik Paşa Pirsultanlı'nın yaradıcılığındakı məqamı xatırlayaq ki, dəyərli
folklorşünas Yunis'in öz şeir kitabına Güldəstə adını verməsini qeyd edir. Nəzir əfəndinin danışdığı daha bir rəvayətdə
də Güldəstəyə olan eşqin İlahi eşqin hikmətinə yenildiyinin şahidi oluruq.
... Yunis
İmrə Tapdıq babanın qızını istəyir. Güldəstənin də Yunis'ə
meyli varmış. Hacı Tapdıq baba bu izdivaca razılıq vermir və deyir:
-Əgər bu
evlilik olsa, müşüd-mürid arasındakı sirr açılacaq.
Bundan sonra Yunis ustadının yanından ayrılır və
özünün də dediyi kimi, 3 il Rum ellərində yaşayır:
Haktan gelen
şerbeti içtik Elhamdü lillâh
Şol kudret
denizini geçtik Elhamdü lillâh
Şu karşı ki
dağları, meşeleri, bağları
Sağlık,
safalıkla aştık Elhamdü lillâh
Kuru idik yaş
olduk, ayak idik baş olduk
Havalandık kuş
olduk, uçtuk Elhamdü lillâh
Vardığımız
illere, şol sefa gönüllere
Halka Taptuk mânisin, saçtık Elhamdü lillâh
Beri gel
barışlalım, yâd isen bilişlelim
Atımız
eğerlendi, eştik Elhamdü lillâh
İndik Rûm'u kışladık, çok hayr-ü şer işledik
Üş bahar geldi, geri göçtük Elhamdü lillâh
Derildik pınar
olduk, irkildik ırmak olduk
Aktık denize
daldık, taştık Elhamdü lillâh
Taptuğun
tapusunda, kul olduk kapusunda
Yunus Miskin çiğ
idik, piştik Elhamdü lillâh.
Məlumdur
ki, Rum elləri Türkiyə'nin Ərzurum'dan İstanbula qədər olan ərazisidir.
Rumdan yuxarı ellər isə Qars və Qafqaz dağlarıdır. Demək ki, Yunis İmrə öz
ustadından ayrılaraq Rum ellərini gəzmiş, burda da Hacı Tapdıq babanın haqqına sadiq olmuş, onun
ideyalarını yaymaqla məşğul olmuşdur. Ancaq onun ustadından ayrılığı uzun çəkməmiş,
üç ildən sonra geri dönmüşdür.
Hacı
Tapdıq baba və Yunis İmrə'nin ölümü haqdakı rəvayətlərdə isə bilinəndən fərqli bir nüans olmadığı üçün
xüsusi qeyd etməyi rəva bilmədik. Bilinən odur ki, hər iki övliya vəfat edəndən
az sonra Oncallı kəndinin əhalisi kütləvi şəkildə xəstəlikdən vəfat edir. Sağ
qalan əhali köhnə kənd eyrinə ölülərini dəfn edib, məzarlıqdan çox da
uzaqlaşmayaraq elə onun həndəvərində yeni yurd salırlar. Hazırkı Oncallı
salınan yeni yurd yeri, Oğuz qəbiristanlığı isə köhnə, əsl Oncallının yeridir.
Və bundan sonra məzarlıq müqəddəs məkan, Hacı Tapdıq
babanın və Şeyx Yunis İmrə'nin məzarları isə ziyarətgaha çevrilir.
Uzun əsrlərdir ki, bu məkana
ziyarətə gələn hər kəs Yunis İmrə'nin Hacı
Tapdığa daşıdığı odunun rəmzi olaraq bir şələ odun gətirir. Hazırda uzaq yoldan
gəlib odun gətirə bilməyənlərə məzarlıqdakı qurumuş ağacdan kəsib ocaq qalamağa
icazə verilir. Yəni, Yunis İmrə'nin “öz odun”ları
hələ də onu ziyarət edənlərin əlindən tutur.
Yunis
İmrə'nin kitabəsinin üstündəki sözlərin əbəs
yerə yazılmadığını da bu gün yaddaşlarda yaşayan kiçik söyləntidən anlamaq
olur:
...Yunis İmrə son
nəfəsində deyir:
Ziyarətgahın
yerləşdiyi Oğuz qəbiristanlığında əksər sinə daşlarının tarixləri 1211-1212-ci
illəri göstərir ki, bu da məzarlıqda uyuyanların, həqiqətən, xəstəlik səbəbindən
kütləvi şəkildə vəfat etmələrini təsdiq edən faktdır. Sinə daşlarının eyni cür
yonulması, yazıların yarı ərəb-yarı farsca eyni düzümdə olması bizi belə bir nəticəyə
gəlməyə sövq edir ki, bütün sinədaşları eyni ustanın əlindən çıxıb.
Yunis İmrənin məzarı yanındakı niyyət ağacı
Ziyarətgaha
olan güclü inam Hacı Tapdıq baba və Şeyx Yunis İmrə'nin
məzarları yanındakı ağacların “niyyət ağacı”[8]
sayılmasıdır. Niyyət tutanlar bu ağaclara yaylıq, saç bağı, əl dəsmalı
bağlayırlar.
Oncallı
kəndindəki bu ziyarətgahı Türkiyə Prezidenti sayın Abdullah Gül də 2010-c ilin
avqustunda ziyarət etmiş, hər iki məzarın üzərinə gül dəstəsi qoymuşdur.
Oğuz
qəbiristanlığının bu müqəddəs guşəsi bütün Türk
dünyasının ziyarət etdiyi Yunis İmrə məqamlarından daha biri kimi tədqiqata
ehtiyac duyur...
Sədnik Paşa Pirsultanlının
qurucusu olduğu “Pirsultan” dərgisinin redaktoru
Şair, yazar,
Sefa Veliyeva
[1] Hacı Bektâş-ı Velî
[2] S.P.Pirsultanlı. “Pirsultan soyları,
Pirsultan köyləri”, Gəncə-2013. Səh.96-99
[3] Məşədixanım
Nemət. “Azərbaycanda pirlər”. Azərbaycan Dövlət Nəşriyyat—Poliqrafiya Birliyi.
Bakı -1992. Səh. 94
[4] Nadir Ziyadlı. “Yunis İmrənin
XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq...” məqaləsi
[5] Qəzənfər
Kazımov. Seçilmiş əsərləri. (10 cilddə) VI cild, Bakı-2008. Səh. 407. “Erkən
orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü” məqaləsi.
[6] Məşədixanım
Nemət. “Azərbaycanda pirlər”. Azərbaycan Dövlət Nəşriyyat—Poliqrafiya Birliyi.
Bakı -1992. Səh. 94
[7] Məşədixanım
Nemət. “Azərbaycanda pirlər”. Azərbaycan Dövlət Nəşriyyat—Poliqrafiya Birliyi.
Bakı -1992. Səh. 94
[8] Niyet Ağacı: Şaman inancına bağlıdır.
Hiç yorum yok:
Yorum Gönder